Fransada təhsil

  • Fransada təhsil

    Fransada ali təhsil almaq üçün orta məktəbi bitirmək (“bac” səviyyəsi) tələb olunur. Ölkədə 95 universitet (13-ü özəl), 246 mühəndislik məktəbi, 223 biznes, idarəetmə və mühasibat məktəbi (business school), 2000-ə yaxın müxtəlif sahələr üzrə ixtisaslaşmış məktəblər (moda, incəsənət, arxitektura, kommunikasiya, turizm və s.) mövcuddur.

    Fransada ali təhsil sistemi 2000-ci ildən etibarən Avropa ali təhsil məkanı ölkələrinin tətbiq etdiyi vahid qaydalara tabedir. Təhsil müddəti üç ildən səkkiz ilədək davam edə bilər. Bakalavr üçün minimum altı semestr tələb olunur, başqa sözlə bakalavr pilləsi 3 illikdir (Bac+3). Master pilləsi 2 illik (Bac+5), doktorantura isə 3 illik (Bac+8) . 

  • Vahid sistemin (LMD – bakalavr-master-doktorantura) tətbiqi xarici tələbələrin qəbul şərtlərini asanlaşdırmaq, əldə olunmuş biliklərin və təhsil pillələrinin digər ölkələrdə tanınmasına xidmət edir. Bu sistem özündə bir çoxlarının yaxından tanış olduğu təhsil kreditlərini ehtiva edir. Hər təhsil ili 60 kreditlə qiymətləndirilmişdir və bu kreditlər başqa bir universitetə qəbul üçün transfer olunma imkanlarına sahibdirlər, yəni görə Fransada əldə olunan diplomla digər Avropa ölkəsində təhsilin bir sonrakı mərhələsinə qəbul mümkündür.  Beləliklə, diplomların təsdiqi üçün tələb olunur :

    Bakalavr pilləsi üçün 180 kredit

    Master pilləsi üçün 300 kredit

    Doktorantura pilləsi üçün 480 kredit

    Fransanın dövlət universitetlərində fransızca təhsil istənilən pillə üzrə pulsuzdur.

     

    Fransada bakalavr diplomu orta məktəbdən (fransızca “bac” diplomu) sonra ali təhsilin ilk pilləsində 3 ili tamamladıqdan sonra verilir. Bu diplom təhsilin master pilləsinə və ya peşəkər həyata daxil olmağa imkan yaradır. Altı smesterdən ibarət bu pillədə aşağıdakı kateqoriya üzrə təhsil almaq mümkündür (bunlar həm də universitetlərdə fakültələrə uyğun gəlir) :

     

    1. İncəsənət, ədəbiyyat, dillər

    2.Hüquq, iqtisadiyyat, idarəçilik

    3.Humanitar və sosial elmlər

    4.Elm, texnologiya, tibb

    Bakalavr pilləsi (fransızca Licence) 6 smesterdə minimum 1500 saatdan, icbari və ya könüllü təcrübə proqramından ibarətdir. Hər bir ilə uyğun olaraq L1 (birinci kurs), L2 (ikinci kurs) və L3 (üçüncü kurs) kimi adlandırılır.

    Dillər, incəsənət, musiqi və s. bu kimi ixtisaslardan başqa normal hallarda bakalavra qəbul üçün xüsusi seçim qaydası yoxdur. Tibbdə isə qəbul üçün nəzərdə tutulmuş konkurs ciddi hazırlıq tələb edir.


    Fransada hər il təxminən 230 000 şagird bakalavrın birinci kursuna (L1) qəbul olur. Bakalavr pilləsinin illərə görə qruplaşdırılması:

     

    L1 (bac+1) tələbəyə  seçdiyi ixtisas üzrə fundamental biliklər qazanmaq, ixtisasına yaxın digər dərslərlə tanış olmaq, xarici dil bilikləri əldə etmək, sahəvi bacarıqlar ( informatika, iş metodu və s.) formalaşdırmağa imkan yaradır.

    L2 (bac+2) daha çox ixtisaslaşmadır. Tələbə ixtisasını daha dərindən qavrayır, iş proyektləri ilə tanış olaraq ilkin peşə bacarıqlarını zənginləşdirir və gələcəkdə seçdiyi sahə üzrə iş tapmağın yollarını öyrənir.

    L3 (bac+3), yəni sonuncu ildə tələbə pedoqoji heyət ilə birlikdə professional layihələr həyata keçirir. Bu pillədə diplom almaq üçün tələbə mütləq olaraq təcrübə keçməlidir.

     

    L pro (Licence professionnelle) nədir ?

    L pro Fransada ali təhsil diplomu kimi 1999-cu ildən etibarən təsbit olunmuşdur. Bakalavrın son ili, yəni üçüncü ilinə uyğun gələn bu pillədə təhsil almaq üçün iki illik universitet təhsili almaq lazımdır. L pro-nun L3-dən, yəni bakalavrın 3-cü ilindən bir neçə fərqi vardır: əsasən, bu pilləyə qəbul seçim əsasındadır və münsiflər yalnız dosye əsasında ən çox həvəsli olan tələbələrə üstünlük verirlər; bundan əlavə, bu diplom professional həyata atılmaq üçün yaxşı bir şansdır və nadir hallarda master pilləsinə qəbul üçün şərait yaradır. Bu o deməkdir ki, bu pillədə təhsil alan tələbələr iş həyatına girmək istəyirlər. Məhz buna görə, diplomu əldə etmək üçün 12-16 həftəlik təcrübə keçmək vacibdir.

    Hal-hazırda Fransada bu pilləyə uyğun 1620 proqram təklif olunur və 40000-ə yaxın tələbə bu pillədə təhsil alır. Bir neçə L pro proqramlarına misal:

    Siğorta, bank, maliyyə; Mədəni irsin mühafizəsi və inkişafı; Otelçilik və turizm; Nəqliyyat; Geyim, moda və tekstil və s.

    Master ali təhsilin bakalavrdan sonrakı universitet diplomu və dərəcəsi olub, 5 illik ali təhsili (bac+5) təsdiqləyir. Fransada master pilləsi 2 illikdir və M1 (birinci il) , M2 (ikinci il) olaraq adlandırılır. Bu diplom Fransada mühəndislik məktəbləri, biznes məktəblər və universitetlər tərəfindən təmin olunur və masterə qəbul üçün bakalavr pilləsində 180 təhsil krediti (və ya bakalavr diplomu) toplanılmalıdır.

    Master proqramı nəzəri, metodoliji və tətbiqi dərslərlə bərabər bir və ya neçə təcrübəni özündə birləşdirir. Burada tədqiqata giriş, xüsusilə memuarın yazılması və ya digər araşdırma işləri nəzərdə tutulmuşdur. Fransada master pilləsinə xarici tələbələrin qəbulu ildən ilə asanlaşdırılmaqdadır.

    Master tiplərinə görə professional, tədqiqi və ya qarışıq ola bilər. Hal-hazırda bir çox universitet bu cür kateqoriyalaşdırmanı tətbiq etmir, yəni fərq qoymur. Lakin prinsipcə tədqiqi master proqramında oxuyanlar gələcəkdə doktorluq etmək üçün əsas namizədlərdir. Ümumilikdə master iki əsas məqsədə xidmət edir:

    ·         Professional həyat üçün nəzərdə tutulmuş proqram təklif etmək

    ·         Bəzi tələbələrin doktorluq üçün hazırlanması (daha çox M2-də)

     

    Master pilləsinə daxil olmaq üçün 3 illik bakalavr pilləsini təsdiqləmək, yəni diplom almaq lazımdır. Bakalavr sahəsi başqa olan tələbələr belə istədiyi yaxın ixtisaslı master proqramına daxil ola bilər. Qəbul üçün göndərilmiş dosyelər münsiflər tərəfindən baxıldıqdan sonra tələbəyə cavab verilir. M2-də hansı ixtisasda təhsil almaq adətən, M1-də seçilmiş ixtisasla müəyyənləşir. M2-də tələbə təcrübəyə daha çox vaxt ayırmalı olur.

    Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co